Zəhmət olmazsa, oxucularımıza özünüz haqqında ən önəmli məlumatları verin. Sizi tanımayanlar da tanımış olsunlar.

Salam. Mənim adım Maraldır, "Instagramda" malena.zein kimi tanınıram. Əsasən, işim restoranların SMM və mobil telefonlarla video çəkilişlərini etməkdir.

İnfluenser kimdir? İnfluenser nəyi etməli, nəyi etməməlidir?

İnfluenser indiki marketinqin ayrılmaz hissəsidir. Onlar müəyyən auditoriyası olan şəxslərdir. Əvvəl bir sahə üzrə bloq aparanlar bloqer adlanırdısa, indi bu yavaş-yavaş "influenser"liyə dəyişib.

Uğurlu influenser kim sayılır və necə uğurlu, insanlara təsir edə bilən influenser olmaq olar?

Uğurlu influenser auditoriyasını tanıyan, azdan-çoxdan onlara uyğun məlumat yaradan, ötürən və auditoriyasının istəklərini bilən şəxslərdir. Mənə görə hər şeyi reklam edən, pul xətrinə nəsə edən insanlar uğurlu influenser deyillər.

Dünyadakı və Azərbaycandakı influenser icması arasında hansı fərqlər var?

Fərq, əsasən, influenserlər arasında yox, onlara reklam verən marketoloq və markalardadır. Çünki xaricdə influenser özü həm markaya uyğun, həm öz izləyicilərinə uyğun kontent və reklam hazırlayır. Amma bizdə marka elə şeylər tələb edir ki, bu nə səhifəyə uyğunlaşır, nə də həmin influenserə yaraşır. O səbəbdən də deyirlər bizdə reklamı "gözə soxurlar", amma bu, markaların və orada bəzən işdən anlayışı olmayan marketoloqların istəyidir.

Sizcə, influenserlər, bloqerlər və ictimai fiqurlar haqqında hansı yanlış anlaşılmalar var?

Yanlış anlaşılmalar təbii ki var, çünki hər bir şəxs özünə görə insanı və hadisəni analiz edir. Düşüncələr və insanlar nə qədər çoxdursa, fikirlər də eyni insan haqqında o qədər çox olacaq.

Bir çox ənənəvi insan sosial media üzərindən pul qazanan və böyük kütləyə xitab edən bu işə iş kimi baxmır. İnfluenserliyin güclü iş və ən əsası biznes olduğunu necə anlaya bilərik?

Bizdə, təəssüf ki, əksinə, bu işə elə iş, hətta əsas qazanc yeri kimi baxan çoxdur. Tanıdığım bir çox influenser var ki, sırf öz səhifəsindən gəlir əldə etmək, səhifəyə, postlara daha çox ayırmaq üçün aylıq gəliri olan işindən belə çıxıb. Belələri hədsiz çoxdur ölkəmizdə.

İnfluenser olmaq istəyənlərə məsləhətiniz nə olardı?

Məsləhətim o olardı ki, özünün kiçik, amma real izləyiciləri olsun və heç kimi kopyalamadan, restoran və butiklərə "mən bloqerəm, gəlim sizi barterə reklam edim" yazmadan qabağa gedə bilsinlər. İndi N qədər agentliklər var ki, mikro influenserlərlə özləri işləyir və lazım gələndə tanıdır.

İnsanlar sizi hansı platformalarda tapa bilərlər?

Mən, əsasən "Instagram" və "TikTok"da eyni adla fəaliyyət göstərirəm. Malena.zein. Kütləm böyük deyil, amma çox izləyicimlə dostlaşmışam, mənim üçün əsas olan budur.


Posted 
Jul 1, 2022
 in 
Müsahibələr
 category

Daha çox

Müsahibələr

 kateqoriyasından

View All