“Baku ID 2026” 17-18 sentyabrda investor və startapları Bakıda toplayacaq.

Azərbaycanın startap və innovasiya ekosistemində tanınan “Baku ID” festivalı bu il də keçiriləcək. SABAH.HUB İnnovasiya Mərkəzinin təşkil etdiyi “Baku ID 2026” 17-18 sentyabr tarixlərində baş tutacaq. Tədbirdə müxtəlif ölkələrdən investorlar, startaplar və texnologiya sahəsinin nümayəndələri iştirak edəcək.

Budəfəki festivalın əsas yeniliklərindən biri məkanla bağlıdır. “Baku ID” ilk dəfə “SABAH.city” innovasiya şəhərciyində təşkil olunacaq. Burada sənaye, elm, dövlət və özəl sektor nümayəndələrinin bir araya gətirilməsi və yeni əməkdaşlıqların qurulması nəzərdə tutulur.

Festival proqramında süni intellekt, vençur kapitalı və mələk investisiyaları əsas mövzulardan olacaq. Bundan başqa, maliyyə, səhiyyə, təhsil, yaşıl texnologiyalar və əmlak texnologiyaları üzrə panel müzakirələri keçiriləcək. İştirakçılar əsas səhnədəki çıxışlarla yanaşı, startap təqdimatlarını izləmək və şəbəkələşmə sessiyalarına qatılmaq imkanı əldə edəcəklər.

Tədbirin diqqət çəkən hissələrindən biri startapların investorlar qarşısında təqdimatları olacaq. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan, Yaxın Şərq və Şimali Afrika bazarlarını təmsil edən investorların iştirakı gözlənilir. “MOST Ventures”, “White Hill Capital”, “Activat VC”, “IT Park Ventures”, “APY Ventures”, “Plus VC”, “MEVP” və “Startup Wise Guys” kimi fondların nümayəndələri də festivalda yer alacaq.

Bu görüşlər startaplar üçün yalnız investisiya cəlb etmək baxımından deyil, potensial tərəfdaşlarla əlaqə yaratmaq və xarici bazarlara çıxış imkanlarını müzakirə etmək baxımından da əhəmiyyət daşıyır.

“Baku ID” artıq beşinci dəfə keçirilir. İndiyədək festivalda 13 500-dən çox iştirakçı, 375 startap və 140 tərəfdaş iştirak edib. Təşkilatçıların məlumatına görə, tədbir çərçivəsində startaplara 5,5 milyon ABŞ dollarından çox birbaşa investisiyanın cəlb olunmasına töhfə verilib.

“Baku ID 2026”ya Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, “PAŞA Holding”, SOCAR və 4SİM strateji tərəfdaşlıq edir. İRİA və “TIMES” isə festivalın əsas tərəfdaşları sırasında yer alır.

Festival iştirakçıları üçün “SABAH.city”ə gediş-gəliş məqsədilə ödənişsiz servis avtobusları fəaliyyət göstərəcək. Həmçinin “Bolt for Business”in tərəfdaşlığı ilə festival məkanına gediş və geri dönüş səfərlərinə 30 faiz endirim təqdim olunacaq.

“Baku ID 2026”nın proqramı, biletlər və iştirakla bağlı digər məlumatlar festivalın rəsmi saytında yerləşdirilib.

Posted 
Sep 9, 2026
 in 
Event
 category

Daha çox

Event

 kateqoriyasından

View All