Sentyabrın 17-18-də SABAH.city-də keçirilən Baku ID 2026 başa çatıb.
İki gün davam edən tədbirdə startaplar, investorlar və innovasiya ekosisteminin müxtəlif iştirakçıları bir araya gəlib.
Festival çərçivəsində startap təqdimatları, panel müzakirələri, investor görüşləri və networking sessiyaları keçirilib. Panel müzakirələrində süni intellekt, fintech, EnergyTech, EdTech və PropTech kimi sahələrə diqqət yetirilib. Süni intellektin inkişaf etməkdə olan bazarlara təsiri, daşınmaz əmlak sektorunun rəqəmsallaşdırılması və təhsildə innovativ yanaşmalar əsas müzakirə mövzuları arasında olub.
Baku ID 2026 çərçivəsində keçirilən Startup World Cup-da 20 ölkədən 160 müraciət daxil olub. Müsabiqənin final mərhələsinə 10 startap yüksəlib. Nəticədə Qazaxıstanı təmsil edən 4sell.ai qalib olub və San-Fransiskoda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Tədbir zamanı SABAH.HUB, SABAH.fund və Türkiyənin AI Startup Factory platforması arasında memorandum da imzalanıb. Razılaşma startapların inkişafına və tərəflər arasında investisiya sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlib.
Baku ID 2026 çərçivəsində NEXUS Awards mükafatlandırma mərasimi də keçirilib. 15 kateqoriya üzrə 80 startapın iştirak etdiyi müsabiqədə səsvermə zamanı 100 mindən çox səs toplanıb. Nəticədə 12 startap müxtəlif kateqoriyalar üzrə qalib elan olunub. Forg3t Protocol, Ayan Capital, Paypercut və Wellbees qaliblər sırasında yer alıb.



