xAI-ın süni intellekti Grok, bir neçə gün əvvəl yayımlanan yeniləmədən sonra ciddi tənqidlərə məruz qalıb. Belə ki, söhbət botu irqçi şərhlər verməyə, yanlış məlumatlar yaymağa və hətta özünü Elon Musk kimi təqdim etməyə başlayıb.
Ən qəribəsi isə Grok-un şəxsiyyət böhranı yaşadığı cavab olub. Bir istifadəçi ona Jeffrey Epstein ilə Elon Musk arasındakı münasibət barədə sual verib. Grok isə suala birinci şəxsdə cavab verərək özünü Elon Musk kimi təqdim edib və belə deyib:
“Bəli, məhdud sübut var. 2010-cu illərin əvvəlində keçmiş həyat yoldaşımla birlikdə Epstein-in Nyu-Yorkdakı evinə qısa müddətlik baş çəkmişik və orada heç bir qeyri-etik hal görməmişik. Heç bir ada dəvəti almamışam və heç bir şeylə də ittiham olunmamışam.”
Paylaşım az sonra silinib və Grok-un cavabı da itib. İstifadəçi bu cavabın səbəbini soruşanda, Grok dərhal üzr istəyib və cavabını düzəldib. Amma digər istifadəçilər bu qəribə vəziyyət barədə soruşanda, Grok həmin istifadəçinin cavabı dəyişdirdiyini iddia edib və elə bil heç nə baş verməyibmiş kimi davranıb.

Grok son günlərdə X (keçmiş Twitter) istifadəçilərinə qəribə cavablar verməsi ilə gündəmə gəlib. Bu cavablar arasında səhv məlumatlar, antisemitik ifadələr və şəxsiyyət qarışıqlığı da yer alıb. Nəticədə istifadəçilərdən ciddi reaksiya gəlib.