WhatsApp istifadəçilərə hərəkətli stikerlərə səs əlavə etməyə imkan verən yeni funksiyanı sınaqdan keçirir.
Yenilik sayəsində istifadəçilər artıq yalnız animasiyalı deyil, səs effektləri ilə müşayiət olunan stikerlər də göndərə biləcəklər.
Yeni funksiya stiker hazırlamaq üçün bir neçə seçim təqdim edir. İstifadəçilər telefonun qalereyasından video seçərək onu hərəkətli stikerə çevirə, daha sonra öz səs yazılarını əlavə edə bilərlər. Bundan başqa, hazır səs effektlərindən və ya cihazda saxlanılan audio fayllardan da istifadə etmək mümkündür.
Göndərilən səsli stikerlər qarşı tərəfə standart olaraq səssiz formada çatdırılır. Səsi dinləmək üçün alıcı stikerin üzərindəki xüsusi işarəyə toxunmalıdır. Bu yanaşma çatlarda avtomatik səs səsləndirilməsinin qarşısını alır və istifadəçiyə səsə qulaq asıb-asmamaq barədə seçim imkanı verir.
Yenilik hazırda Android üçün WhatsApp-ın 2.26.47.1 beta versiyasında bəzi istifadəçilər üçün əlçatandır. Funksiya hələ sınaq mərhələsində olduğundan onun bütün istifadəçilər üçün nə vaxt yayımlanacağı məlum deyil.



