Instagram rəhbəri reklamların istifadəçilərin maraqlarını necə müəyyən etdiyini açıqlayıb
Instagram rəhbəri Adam Mosseri platformanın reklamları fərdiləşdirmək üçün istifadəçiləri telefon mikrofonu vasitəsilə dinləməsi ilə bağlı iddiaları yenidən təkzib edib. Onun sözlərinə görə, şirkət istifadəçilərin şəxsi söhbətlərini dinləmir və reklamları bu üsulla hədəfləmir.
Mosseri bildirib ki, belə bir yanaşma şəxsi həyatın toxunulmazlığının ciddi pozuntusu olardı. Bundan əlavə, mikrofonun davamlı işləməsi telefonun batareyasının daha sürətlə boşalmasına səbəb olardı. O, istifadəçilərin mikrofonun aktiv olduğunu telefon ekranında görünən xüsusi göstəricidən də anlaya biləcəyini qeyd edib.
Bəs istifadəçilər haqqında danışdıqları məhsullarla bağlı reklamlar niyə məhz həmin söhbətlərdən sonra qarşılarına çıxır? Mosserinin izahına görə, bunun bir neçə səbəbi var. İstifadəçi həmin məhsulu daha əvvəl internetdə axtarmış, onunla bağlı sayta daxil olmuş və ya oxşar məzmuna baxmış ola bilər. Meta reklam verən şirkətlərlə əməkdaşlıq edir və onların saytlarını ziyarət edən istifadəçilər haqqında məlumatlardan reklamların hədəflənməsi üçün yararlanır.
Digər səbəb isə sosial əlaqələr və oxşar maraqlardır. Instagram istifadəçinin maraqlarını müəyyənləşdirərkən onun dostlarının və oxşar maraqlara sahib digər insanların fəaliyyətini də nəzərə alır. Məsələn, dostunuzun internetdə axtardığı və ya maraqlandığı məhsulla bağlı reklam sizin də qarşınıza çıxa bilər.



