Apple öz avtonom süni intellekt agentini hazırlayır
Apple istifadəçilərin tapşırıqlarını onların əvəzinə yerinə yetirə biləcək avtonom süni intellekt agenti üzərində işləyir. Bloomberg-in məlumatına görə, şirkətin vakansiya elanlarında yer alan detallar Apple-ın OpenAI, Anthropic və Meta kimi şirkətlərin rəqabət apardığı AI agentləri bazarına daxil olmağa hazırlaşdığını göstərir.
Apple-ın axtardığı mühəndislik rəhbəri üçün vakansiyada agentin internetdə axtarış edə, müxtəlif tətbiqlərlə işləyə, əmrləri icra edə, kod yaza və səhvləri düzəldə biləcəyi qeyd olunur. Sistem istifadəçinin tapşırığını yerinə yetirmək üçün bir neçə mərhələni planlaşdıra, hər mərhələdə uyğun aləti seçə və zərurət olduqda ixtisaslaşmış digər AI agentləri ilə koordinasiya qura biləcək.
Bu yanaşma adi çatbotlardan fərqlənir. İstifadəçi yalnız sual vermək əvəzinə, agentə konkret tapşırıq həvalə edə, sistem isə müxtəlif tətbiq və xidmətlər arasında hərəkət edərək işi tamamlaya bilər. Məsələn, kod yazmaq, brauzerdə məlumat axtarmaq və bir neçə proqramda ardıcıl əməliyyatlar aparmaq mümkün olacaq.
Apple vakansiya elanında təhlükəsizlik və məxfiliyin əsas prioritetlərdən biri olacağını da vurğulayır. Agentin istifadəçi adından kod işlətməsi və hesablara çıxış əldə etməsi güclü icazə mexanizmləri, təcrid olunmuş mühit və şəffaf idarəetmə tələb edir.



