YouTuber Muhammad Zulali süni intellektdən istifadə edərək 1994-cü il istehsalı Jeep Cherokee avtomobilinin emissiya problemini həll edib.
Avtomobil Kaliforniyada keçirilən ekoloji yoxlamadan mühərrikin yüksək azot oksidi (NOx) emissiyası səbəbindən dəfələrlə keçə bilməyib. Standart OBD-II diaqnostika portu olmayan avtomobilin köhnə mühərrik kompüterinə qoşulmaq üçün Zulali cəmi 3 dollara Arduino Nano mikrokontrollerindən istifadə edib.
Qurğu vasitəsilə avtomobilin mühərrik idarəetmə bloku (ECU) noutbuka qoşulub və Claude Code sistemdən canlı məlumatları oxumağa başlayıb. Süni intellekt mühərrikin temperaturu, gərginlik, yanacaq sərfiyyatı və digər göstəriciləri təhlil edərək nasazlığın səbəbini araşdırıb. O, həmçinin avtomobilin kompüterindəki proqram kodunu çıxararaq analiz edib.
Layihədə OpenAI-nin Codex aləti də iştirak edib. Claude diaqnostika və problemin müəyyənləşdirilməsi ilə məşğul olduğu halda, Codex mühərrik kompüterinin yaddaşı ilə işləmək üçün xüsusi kod hazırlayıb. Avtomobilin köhnə idarəetmə bloku adi üsulla yenidən proqramlaşdırıla bilmədiyindən, hazırlanmış kod yaxınlıqdakı EEPROM yaddaşına yazılaraq işə salınıb.
Təxminən bir həftə davam edən işdən sonra Jeep Cherokee emissiya yoxlamasından keçib. Layihənin ümumi avadanlıq xərci təxminən 15 dollar olub. Zulali istifadə etdiyi kodları, qoşulma sxemlərini və təlimatları “xj-scanner” adlı açıq mənbəli layihə kimi GitHub-da da yayımlayıb.



