Azərbaycan ilk dəfə Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Web Summit 2026” beynəlxalq texnologiya sammitində milli pavilyonla təmsil olunub.
Noyabrın 9–12-də baş tutan tədbirdə ölkənin innovasiya ekosistemi, yerli texnologiya şirkətlərinin məhsul və həlləri, eləcə də xarici şirkətlər üçün Azərbaycanda yaradılan biznes imkanları təqdim edilib.
Milli pavilyonda “AzInTelecom”, “Azercosmos”, “Polygraf AI”, “Simbrella”, “Azsoftware / Imzala.az” və “R.I.S.K. Company” iştirak edib. Şirkətlər maliyyə texnologiyaları, rəqəmsal identifikasiya, bulud xidmətləri, elektron imza, süni intellekt təhlükəsizliyi, peyk texnologiyaları və kibertəhlükəsizlik sahələrində hazırladıqları həlləri beynəlxalq auditoriyaya nümayiş etdiriblər.
Sammit çərçivəsində müxtəlif ölkələrdən olan texnologiya şirkətləri, startaplar, investorlar və dövlət qurumlarının nümayəndələri ilə işgüzar görüşlər keçirilib. Müzakirələrdə yerli şirkətlərin xarici bazarlara çıxışı, Azərbaycana investisiyaların cəlb edilməsi, beynəlxalq tərəfdaşlıqların qurulması və xarici texnologiya şirkətlərinin ölkənin texnoparklarında rezident olması imkanları diqqət mərkəzində olub.
Tədbirin digər mühüm hissəsi noyabrın 11-də keçirilən “Innovation Wednesdays” görüşü olub. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkilatçılığı ilə baş tutan görüşdə Portuqaliyada yaşayan azərbaycanlı texnologiya mütəxəssisləri, startap təsisçiləri, investorlar və beynəlxalq innovasiya ekosisteminin nümayəndələri bir araya gəlib. İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov Azərbaycanın yeni texnopark qanunvericiliyi, startaplar üçün yaradılan imkanlar, vençur və kraudfandinq maliyyələşməsi barədə məlumat verib.



