Azərbaycanda startaplar üçün vergi güzəştləri 7 ilədək artırılır

Prezident İlham Əliyev startapların və texnologiya şirkətlərinin fəaliyyətini dəstəkləmək məqsədilə Vergi və Miqrasiya məcəllələrinə, eləcə də bir sıra digər qanunlara dəyişiklikləri təsdiqləyib. Yeni qaydalara əsasən, 2027-ci il yanvarın 1-dən mikro və kiçik sahibkarlıq subyektlərinə aid olan, “Startap” şəhadətnaməsi almış sahibkarların innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlərə tətbiq olunan vergi güzəştinin müddəti 3 ildən 7 ilə qaldırılır.

Dəyişikliklər investisiya qoyuluşunu da təşviq edir. Belə ki, startaplara kraudfandinq platformaları vasitəsilə investisiya edən şəxslərin əldə etdikləri qiymətli kağızların satışından yaranan gəlirlər və müəyyən şərtlərlə həmin investisiyalar üzrə dividendlər 10 il müddətinə vergidən azad edilir. Bundan başqa, akkreditə olunmuş investorların startaplara yatırdıqları investisiyaların müəyyən hissəsinin vergiyə cəlb olunan gəlirdən çıxılmasına imkan yaradılır.

Texnologiya parklarının rezidentləri və startaplar üçün rəqəmsal xidmətlərə çıxış da asanlaşdırılır. Şirkətlərin öz fəaliyyətləri üçün xarici provayderlərdən aldıqları bulud hesablama, infrastruktur, platforma, proqram təminatı və API xidmətlərinə görə qeyri-rezidentlərə etdikləri ödənişlər 20 il müddətinə vergi güzəştindən yararlana biləcək. Bu güzəşt xidmətlərin şirkət tərəfindən başqa şəxslərə təkrar təqdim edilmədiyi hallara aiddir.

Bununla yanaşı, innovasiya məhsullarının hazırlanması üçün aparılan elmi-tədqiqat, layihələndirmə və təcrübə-konstruktor işlərinə çəkilən müəyyən xərclərin 10 il ərzində 2,5 əmsalı ilə vergi tutulan gəlirdən çıxılması nəzərdə tutulur. Yeni dəyişikliklər 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

‍

Posted 
Oct 22, 2026
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All