Avropa Komissiyası Booking.com platformasında saxta yerləşmə elanları və dələduzluq halları ilə bağlı araşdırmaya başlayıb.
Qurum şirkətin istifadəçiləri bu cür hallardan qorumaq üçün kifayət qədər tədbir görüb-görmədiyini və Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktının (DSA) tələblərinə əməl edib-etmədiyini yoxlayır.
Araşdırmanın əsas istiqamətlərindən biri dələduzların platformada saxta otel və digər yerləşmə obyektləri yaratmasıdır. Bəzi hallarda isə cinayətkarlar real obyekt sahiblərinin hesablarına və məlumatlarına çıxış əldə edərək onların adından müştərilərlə əlaqə saxlayır, rezervasiyanı təsdiqləmək və ya ödəniş almaq adı ilə əlavə pul tələb edirlər. Bu cür hallar istifadəçilərin həm maliyyə itkisi ilə üzləşməsinə, həm də rezervasiya etdikləri yerdə problemlə qarşılaşmasına səbəb ola bilər.
Avropa Komissiyası həmçinin Booking.com-un rezervasiya və müştəri məlumatlarının qorunması ilə bağlı qaydalarını araşdıracaq. Xüsusilə, bu məlumatların yerləşmə obyektləri ilə paylaşılması və platformanın daxili mesajlaşma sisteminin dələduzlar tərəfindən fişinq hücumları və saxta ödəniş tələbləri üçün istifadə olunması riskləri qiymətləndiriləcək. Bundan başqa, axtarış nəticələrində daha yuxarı mövqedə görünmək üçün əlavə komissiya ödəyən obyektlərin elanlarının reklam kimi aydın işarələnib-işarələnmədiyi də yoxlanılacaq.



