Dizayn platforması Canva 1 271 əməkdaşının, yəni işçi heyətinin təxminən 22%-nin iş və vəzifələrinə təsir edəcək genişmiqyaslı yenidənqurma planı açıqlayıb.
Şirkətin həmtəsisçisi və baş direktoru Melanie Perkins bildirib ki, son il Canva üçün ən çətin dövr olub və son on ildə ilk dəfə şirkətin böyümə tempi zəifləyib.
Yenidənqurma çərçivəsində məhsul, böyümə və platforma komandalarının birləşdirilməsi, idarəetmə səviyyələrinin azaldılması və daha kiçik, müstəqil komandalarla işləməyə keçid nəzərdə tutulur. Qeyd edək ki, adı çəkilən 1 271 əməkdaşın hamısının işdən çıxarılacağı dəqiqləşdirilməyib: bəzilərinin vəzifəsi dəyişdiriləcək, digərlərindən isə başqa mərkəzlərə köçmək tələb oluna bilər.
Canva-nın qərarı ilə yanaşı, işdən ayrılacaq əməkdaşlar üçün nəzərdə tutulan dəstək paketi də diqqət çəkib. Şirkət onlara ən azı altı aylıq əməkhaqqı, tibbi xidmətin təqdim edildiyi ölkələrdə 12 aylıq tibbi sığorta, karyera məsləhətləri, müsahibələrə hazırlıq və bir illik LinkedIn Premium abunəliyi təqdim edəcək. Bundan başqa, əməkdaşlar şirkətin onlara verdiyi MacBook kompüterlərini saxlaya biləcəklər.
Canva həmçinin öz biznesini və ya layihəsini qurmaq istəyən keçmiş əməkdaşlar üçün 10 min dollarlıq qrant proqramı yaradıb. Bu dəstək qarşılığında şirkət layihələrdə pay və ya mülkiyyət hüququ tələb etməyəcək.
Geniş dəstək paketi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir sıra istifadəçilər şirkətin əməkdaşlarla davranışını təqdir edərək bu yanaşmanı işçi ixtisarının necə həyata keçirilməli olduğuna dair nümunə kimi qiymətləndiriblər.



