Kiçik sahibkarlara 5 il müddətinə 25%-lik vergi güzəşti təklif olunur
Azərbaycanda kiçik sahibkarlıq subyektləri üçün yeni vergi güzəştinin tətbiqi təklif edilir. Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklərə əsasən, müəyyən şərtlərə cavab verən sahibkarların gəlir və mənfəət vergisinin 25%-i beş il müddətinə güzəşt edilə bilər.
Layihəyə görə, güzəştdən yararlanmaq üçün sahibkar ən azı iki il kiçik sahibkarlıq subyekti kimi fəaliyyət göstərməli, dövlət büdcəsinə vergi borcu olmamalı və vergiyə cəlb olunan dövriyyəsi əvvəlki illə müqayisədə 30%-dən çox azalmamalıdır. Bundan başqa, vergi ili ərzində əmək münasibətləri ilə bağlı qanun pozuntularına yol verilməməlidir.
Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanovun açıqlamasına görə, bu güzəşt 20%-lik vergi dərəcəsinin faktiki olaraq 15%-ə enməsi deməkdir. Təklif olunan mexanizmin məqsədi kiçik sahibkarlıq subyektlərinin fəaliyyətinin davamlılığını dəstəkləmək və vergi yükünü azaltmaqdır.
Qeyd edək ki, Azərbaycanda işçilərinin orta sayı 11–50 nəfər, illik gəliri isə 3 milyon manatadək olan müəssisələr kiçik sahibkarlıq subyektləri hesab olunur. Güzəşt hazırda yalnız qanun layihəsində nəzərdə tutulub və qüvvəyə minməsi üçün qanunvericilikdə təsdiqlənməlidir.



