Azərbaycanda startap və innovasiya sahəsinin inkişafını stimullaşdırmaq üçün yeni vergi güzəştlərinin tətbiqi təklif olunur.

Dəyişikliklər 2027-ci ildən etibarən “Startap” və ya texnopark şəhadətnaməsi olan mikro və kiçik sahibkarlıq subyektlərinə müxtəlif vergi üstünlüklərinin verilməsini nəzərdə tutur. Layihəyə əsasən, startapların innovasiya fəaliyyətindən əldə etdiyi gəlir və mənfəət vergisi üzrə azadolma müddətinin 3 ildən 7 ilə qədər artırılması təklif edilir. Bununla yanaşı, startaplara investisiya yatıran fiziki şəxslər üçün də vergi mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur. Təklifə görə, müəyyən şərtlər daxilində belə investisiyaların vergitutulan gəlirdən çıxılması mümkün olacaq.

Dəyişikliklər rəqəmsal xidmətlərdən istifadə edən startapların xərclərinə də təsir edə bilər. Layihədə “Startap” və ya texnopark şəhadətnaməsi olan vergi ödəyicilərinin xaricdə yerləşən və Azərbaycanda daimi nümayəndəliyi olmayan şirkətlərdən aldıqları bulud hesablama, proqram təminatı və API xidmətləri ilə bağlı vergi güzəştləri nəzərdə tutulur.

Bu xidmətlərin 20 il müddətinə ƏDV-dən azad edilməsi təklif olunur. Söhbət xüsusilə SaaS, PaaS və IaaS kimi bulud xidmətlərindən, eləcə də API xidmətlərindən gedir. Belə xidmətlərdən istifadə edən texnologiya şirkətləri üçün bu dəyişikliklərin əməliyyat xərclərinin azalmasına təsir göstərməsi gözlənilir.

Təklif olunan dəyişikliklər yalnız startapların vergi yükünün azaldılmasını deyil, innovasiya layihələrinə investisiya qoyuluşunun stimullaşdırılmasını da hədəfləyir. Qanun layihəsi qəbul edilərsə, nəzərdə tutulan güzəştlərin tətbiqi üçün müvafiq şəhadətnamə və digər şərtlərin tələblərinə əməl olunması lazım olacaq.

Posted 
Sep 24, 2026
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All