Bakıda 2 min istifadəçiyə çatan Park Hub startapı Qazaxıstan bazarına çıxır

PAŞA Holding-in daxili “WeStart” proqramı çərçivəsində inkişaf edən “Park Hub Baku” startapı fəaliyyətini beynəlxalq bazara genişləndirməyə hazırlaşır. Azərbaycan startapı Qazaxıstanın Almaty Hub mərkəzində keçirilən 12 həftəlik “Central Eurasia Market Entry” (CEME) proqramına qoşulub. Proqram çərçivəsində komanda yerli bazarı öyrənir, potensial müştəri və tərəfdaşlarla əlaqələr qurur, xidmətin Qazaxıstan bazarına uyğunlaşdırılması üzərində işləyir.

“Parkinq üçün Netflix” adlandırılan platforma müxtəlif biznes mərkəzlərinin, hotellərin və ticarət mərkəzlərinin parkinqlərini vahid abunə sistemi altında birləşdirir. İstifadəçilər bir abunə ilə tərəfdaş parkinqlərdən yararlana, tətbiq vasitəsilə boş yerləri real vaxt rejimində görə və əvvəlcədən rezervasiya edə bilirlər. Avtomobil nömrələrini tanıyan kameralar sayəsində giriş-çıxış əlavə bilet və ödəniş əməliyyatları olmadan həyata keçirilir.

Platforma 2026-cı ilin mayında fəaliyyətə başlayıb. Son altı ay ərzində “Crescent Mall”, “Dəniz Mall”, “Gənclik Mall”, “Marriott Boulevard” və “Dünyagöz” daxil olmaqla bir sıra iri obyektlər sistemə qoşulub. Qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 2 minə çatıb. Şirkət bununla yanaşı, parkinq sahələrinin planlaşdırılması, nömrə tanıma kameralarının və baryerlərin quraşdırılması, proqram təminatı və onlayn ödəniş həlləri də təqdim edir.

Startapın həmtəsisçisi və CEO-su Orman Sultanlının sözlərinə görə, Almatı sıx avtomobil hərəkəti və parkinq yerlərinə tələbat baxımından şirkət üçün perspektivli bazardır. Şəhərdə gündəlik avtomobil hərəkətinin bir milyona çatdığı bildirilir. Şirkət 2026-cı ilin sonunadək Almatıda pilot layihəyə başlamağı, 2027-ci ildə isə şəhərin korporativ parkinq bazarında mövqeyini möhkəmləndirməyi planlaşdırır.

‍

Posted 
Nov 17, 2026
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All