Məşhur amerikalı strimer IShowSpeed kosmosdan canlı yayım etmək planının gerçəkləşəcəyini təsdiqləyib.
O, LIFE jurnalına verdiyi müsahibədə bu layihə ilə bağlı çox danışa bilməyəcəyini, lakin planın mütləq həyata keçiriləcəyini bildirib.
Strimerin sözlərinə görə, kosmosdan yayım onun indiyədək həyata keçirdiyi layihələrin davamı olacaq. Bununla belə, uçuşun nə vaxt baş tutacağı, hansı kosmik şirkətlə əməkdaşlıq ediləcəyi və yayımın hansı platformada aparılacağı hələ açıqlanmayıb.
IShowSpeed-in yaxın dövr üçün digər planları da var. O, 2027-ci ildə Hindistan, Banqladeş, Nepal və Qazaxıstana səfər etmək istəyir. Strimer indiyədək təxminən 100 ölkədə olduğunu və dünyanın bütün ölkələrini ziyarət etməyi qarşısına məqsəd qoyduğunu bildirib. Onun hesablamasına görə, bu hədəfə təxminən iki il ərzində çata bilər. IShowSpeed daha əvvəl də kosmosa səyahət etmək istəyindən danışıb və bu məsələdə SpaceX şirkətinin rəhbəri Elon Musk-dan kömək istəyib. O, dünya səyahətini tamamladıqdan sonra kosmosa, daha sonra isə sualtı səyahətə çıxmağı planlaşdırdığını açıqlamışdı.



