“Baku Flames” təşəbbüsü ilə yaradılan “Flames Marketing Society” və “Flames Creative Society” icmalarının ilk görüşləri baş tutub.
Oktyabrın 23-də marketinq rəhbərləri, 30-da isə kreativ sənayenin nümayəndələri bir araya gələrək Azərbaycanın marketinq və reklam sektorunun əsas problemlərini, inkişaf imkanlarını və gələcək təşəbbüsləri müzakirə ediblər.
Hər iki icma “Baku Flames”in ilboyu fəaliyyət göstərən yeni ekosisteminin bir hissəsidir. Əsas məqsəd festivaldan kənarda da sənaye daxilində əlaqələri gücləndirmək, bilik və təcrübə mübadiləsini davam etdirmək, sektorun inkişafına töhfə verməkdir.
“Flames Marketing Society”: İstedadlar, data və peşəkar standartlar
İlk görüşdə marketinq sahəsində gənc mütəxəssislərin hazırlanması, yerli bazar araşdırmalarının artırılması və peşəkar standartların formalaşdırılması əsas müzakirə mövzuları olub. “PAŞA Bank”ın marketinq rəhbəri Günel Mavliyarova istedadların inkişafı, təhsil və mentorluğun icmanın prioritet istiqamətlərindən biri olmasını təklif edib. “PAŞA Malls”ın əməliyyatlar üzrə baş direktoru Kemal Baştürk isə gənclərin marketinq vakansiyalarına maraq göstərməsinə baxmayaraq, onların bir hissəsinin kifayət qədər praktiki təcrübəyə malik olmadığını vurğulayıb. Bu istiqamətdə mentorluq proqramları və universitetlərlə əməkdaşlıq imkanları müzakirə olunub.
Digər əsas mövzu yerli data və istehlakçı araşdırmaları olub. İştirakçılar istehlakçı davranışları, brend seçimləri, marketinq büdcələri və bazar trendləri üzrə araşdırmaların hazırlanmasının vacibliyini qeyd ediblər. İlk praktiki addım kimi noyabr ayında “FutureBright Group” ilə onlayn görüşün keçirilməsi planlaşdırılır.
“Procter & Gamble”ın marketinq və kommersiya direktoru Əliyar Hüseynov isə reklam etikası və özünütənzimləmə prinsipləri üzrə ilkin kodeksin hazırlanmasını təklif edib. Bu prosesdə reklamverənlər, agentliklər və media nümayəndələri arasında dialoqun gücləndirilməsi nəzərdə tutulur.
“Flames Creative Society”: Süni intellekt və kreativ keyfiyyət
Kreativ icmanın ilk görüşündə yaradıcı işlərin keyfiyyəti, süni intellektin sənayeyə təsiri, agentlik və brend münasibətləri, eləcə də gənc istedadların inkişafı müzakirə olunub. İştirakçılar bəzi şirkətlərin kreativ işlərə büdcə ayırmaq əvəzinə süni intellekt alətlərinə üstünlük verməsinin yaradıcı əməyin dəyərinə təsirini müzakirə ediblər. “Kristal” şirkətinin kreativ direktoru Fərid Rzazadə süni intellektdən yalnız xərcləri azaltmaq məqsədilə istifadənin brendin uzunmüddətli dəyərinə mənfi təsir göstərə biləcəyini bildirib. Süni intellekt təlimlərinin keyfiyyəti və peşəkar təcrübəsi olmayan şəxslərin bu sahədə təlim keçməsinin gənc mütəxəssislərə təsiri də diqqət mərkəzində olub.
Agentliklərlə brendlər arasındakı əməkdaşlıq da əsas müzakirə mövzularından biri olub. “Maverick”in baş kreativ direktoru Burak Kayzum brendlərin kreativ prosesə müdaxiləsinin bəzən ideyanın ilkin gücünü zəiflətdiyini qeyd edib. “FCB Artgroup Baku”nun kreativ direktoru Ülviyə Mütəllimova isə sənayedə daha açıq və peşəkar tənqid mühitinin yaradılmasının vacibliyini vurğulayıb.
Görüşdə gənc kreativlər üçün mentorluq proqramları, portfolio sessiyaları, master-klaslar və universitetlərlə əməkdaşlıq imkanları da müzakirə edilib. Eyni zamanda agentlik və frilans bazarının, kreativ xidmətlərin qiymətləndirilməsinin araşdırılması təklif olunub.
Ortaq təşəbbüslər və növbəti addımlar
Hər iki icmanın görüşündə gənc istedadların inkişafı, peşəkar standartlar və agentlik-brend münasibətləri ortaq mövzular kimi önə çıxıb. Bu istiqamətdə “Flames Marketing Society” və “Flames Creative Society” arasında birgə görüşlərin keçirilməsi təklif olunub. Məqsəd agentlik və brend nümayəndələrinin qarşılıqlı gözləntilərini və kreativ prosesdəki problemləri birlikdə müzakirə etməkdir.
Növbəti mərhələdə “Flames Marketing Society” çərçivəsində data və araşdırma üzrə onlayn görüşün keçirilməsi, reklam etikası kodeksi üzərində işə başlanması və mentorluq imkanlarının araşdırılması planlaşdırılır. Dekabrda keçiriləcək növbəti oflayn görüşün mövzusu isə süni intellektin marketinqə təsiri olacaq.
“Flames Creative Society”nin gələcək fəaliyyətində kreativ keyfiyyət, süni intellektdən məsuliyyətli istifadə, gənc istedadların inkişafı və agentlik-brend əməkdaşlığının gücləndirilməsi əsas istiqamətlər olacaq. Hər iki icmanın növbəti görüşləri və birgə təşəbbüsləri üzvlərin təklifləri əsasında müəyyənləşdiriləcək.



