GTA 6-dakı Jasonun evinə bənzəyən mülk 739 min dollara satışa çıxarılıb
GTA 6-nın populyarlığından əmlak bazarında da yararlanmağa çalışırlar. Florida ştatının Key Largo bölgəsində yerləşən və oyunun əsas personajlarından Jasonun evinə bənzədilən real mülk satışa çıxarılıb. Ev üçün 739 min dollar tələb olunur və elan əmlak agenti Jordan Moc tərəfindən yayımlanıb.

1971-ci ildə tikilən ev iki yataq otağından ibarətdir və dirəklər üzərində inşa olunub. Mavi rəngli xarici görünüşü, suya birbaşa çıxışı və həyətindəki qayıq oyundakı Jasonun evi ilə müəyyən oxşarlıqlar yaradır. Bununla belə, real ev daha yaxşı vəziyyətdədir: damında sızma yoxdur, pilləkənləri isə taxtadan deyil, betondandır.

Lakin mülkün həqiqətən GTA 6-dakı evə ilham verdiyinə dair rəsmi təsdiq yoxdur. Rockstar Games bu barədə açıqlama verməyib. Üstəlik, Florida Keys bölgəsində daşqın və qasırğa riskinə görə evlərin dirəklər üzərində tikilməsi geniş yayılıb. Buna görə də oxşarlığın təsadüfi olması mümkündür.
Elanın sosial şəbəkələrdə yayılmasından sonra GTA 6 pərəstişkarları da mövzuya maraq göstəriblər. Bəzi istifadəçilər evi oyundakı uydurma ödəniş sistemi ilə almağın mümkün olub-olmadığını zarafatla soruşublar.



