İnsan müdaxiləsi olmadan uçan aparatlarla bağlı yeni qaydalar təsdiqləndi.
Azərbaycanda "Aviasiya haqqında" qanuna edilən dəyişikliklərlə avtonom pilotsuz uçuş aparatlarının (PUA) hüquqi statusu, istismar qaydaları və təhlükəsizlik tələbləri müəyyən edilib. Dəyişikliklər pilotsuz aviasiya texnologiyalarının, xüsusilə də süni intellekt əsaslı sistemlərin istifadəsi üçün hüquqi baza formalaşdırmağı hədəfləyir. Qanunvericiliyə ilk dəfə olaraq "avtonom pilotsuz uçuş aparatı", "operator" və "məsafədən idarəetmə mərkəzi" kimi anlayışlar daxil edilib.
Yeni qaydalara əsasən, avtonom uçuş sistemləri müxtəlif avtomatlaşdırma səviyyələrinə bölünür. Yüksək avtomatlaşdırılmış rejimdə aparatın əsas funksiyalarını sistem yerinə yetirsə də, operator zərurət yarandıqda prosesə müdaxilə edə bilir. Tam avtomatlaşdırılmış rejimdə isə uçuşun planlaşdırılması, marşrutun idarə olunması və qərarvermə prosesləri insan müdaxiləsi olmadan sistem tərəfindən həyata keçirilir.
Qanun dəyişiklikləri pilotsuz uçuş aparatlarının təhlükəsiz istismarını təmin etməklə yanaşı, gələcəkdə logistika, monitorinq, kənd təsərrüfatı, infrastrukturun yoxlanılması və digər sahələrdə avtonom texnologiyaların tətbiqinə hüquqi zəmin yaradır. Bununla yanaşı, yeni tələblər məsafədən idarəetmə, təhlükəsizlik standartları və məsuliyyət mexanizmlərinin daha dəqiq tənzimlənməsini də nəzərdə tutur.



