Bakıda ictimai nəqliyyatın hərəkətini tənzimləmək məqsədilə ilk dəfə avtobuslar üçün ayrıca işıqfor quraşdırılması planlaşdırılır.

Layihənin ilkin mərhələsində xüsusi işıqfor Səbail rayonunda, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində yerləşdiriləcək. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırovun məlumatına görə, yeni işıqfor mövcud “L” formalı dirəkdə quraşdırılacaq. “T” formasında yerləşdirilən dörd dairəvi ağ-sarımtıl siqnal avtobusların hərəkətini ayrıca tənzimləyəcək.

Layihə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təklifi əsasında həyata keçirilir. Əsas məqsəd avtobusların onlar üçün ayrılmış xüsusi zolaqlarda daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

Bu işıqfor növü avtobus sürücülərinə hərəkət istiqaməti üzrə ayrıca siqnal verəcək. Beləliklə, ictimai nəqliyyatın kəsişmələrdə hərəkətinin daha səmərəli tənzimlənməsi nəzərdə tutulur. İlkin tətbiqin nəticələri qiymətləndirildikdən sonra xüsusi avtobus işıqforlarının paytaxtın digər ərazilərində də quraşdırılması imkanlarına baxılacaq.

‍

Posted 
Nov 19, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All