Instagram orijinal olmayan kontentlə mübarizə məqsədilə tövsiyə sistemində dəyişiklik etdiyini açıqlayıb.
Yeni qaydalara əsasən, əsasən repost və ya başqalarının yaratdığı məzmunu paylaşan hesabların paylaşımları artıq daha az istifadəçiyə göstəriləcək.
Bu addımın arxasında duran məqsəd orijinal kontent yaradan istifadəçiləri daha çox ön plana çıxarmaqdır. Platformanın sahibi olan Meta bildirir ki, yenilik yaradıcıların daha ədalətli şəkildə dəstəklənməsinə və kontent ekosistemində keyfiyyətin artırılmasına yönəlib.
Dəyişikliklər yalnız video kontentlə məhdudlaşmır. Yeni yanaşma foto və karusel paylaşımlarını da əhatə edir. İstifadəçinin özü tərəfindən yaradılmış və ya üzərində ciddi redaktə aparılmış kontent “orijinal” kimi qiymətləndiriləcək. Əksinə, sadəcə başqa mənbədən götürülərək minimal dəyişikliklə paylaşılmış məzmun tövsiyə sistemində üstünlük qazanmayacaq.



