Kart limitlərində ailə üzvləri və əsaslandırılmış əməliyyatlar məhdudlaşdırılmayacaq.

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyasının (AzFina) təqdim etdiyi yeni yanaşmaya əsasən, bank kartlarına mədaxil (kartdan-karta daxilolma) əməliyyatları üzrə müəyyən limitlər tətbiq olunacaq. Bununla yanaşı, gündəlik istifadəni çətinləşdirə biləcək bəzi əməliyyatlar bu məhdudiyyətlərdən kənarda saxlanılacaq.

Yeni qaydalara əsasən, müştərinin özünə məxsus müxtəlif kartlar arasında həyata keçirilən köçürmələr, eləcə də yaxın qohumlarına məxsus kartlarla aparılan əməliyyatlar limitlərə daxil edilməyəcək. Bundan əlavə, əməliyyatın məqsədi ilə bağlı zəruri məlumat və sənədlər təqdim edildikdə, bank tərəfindən risk profilinə uyğun hesab olunan köçürmələr də məhdudiyyətlərdən istisna ediləcək.

Təklif olunan yanaşmaya əsasən, hər bir ödəniş aləti üzrə gündə maksimum 5 mədaxil əməliyyatı, aylıq isə ümumilikdə 20 min manatadək mədaxil həyata keçirilə biləcək. Müştəri əlavə ödəniş alətinə ehtiyac duyduğu və bunu əsaslandırdığı halda, bank tərəfindən əlavə kartların təqdim edilməsi də mümkün olacaq.

ABA və AzFina bildirirlər ki, bu dəyişikliklərin məqsədi adi istifadəçilərin əməliyyatlarını məhdudlaşdırmaq deyil. Yeni mexanizm ödəniş sistemlərində şəffaflığın artırılması, kartlardan qanunsuz istifadə hallarının, çirkli pulların yuyulması risklərinin və müxtəlif maliyyə fırıldaqçılığı sxemlərinin qarşısının alınmasına xidmət edir. Qeyd olunur ki, hazırkı mərhələdə məxaric (çıxarış) əməliyyatları üzrə hər hansı limitin tətbiqi nəzərdə tutulmur.

Posted 
Aug 3, 2026
 in 
Breaking News
 category

Daha çox

Breaking News

 kateqoriyasından

View All