Magistraturaya qəbul olunanların qeydiyyatı bu gündən mygov üzərindən həyata keçiriləcək.
Magistraturaya qəbul olunan bakalavrların elektron qeydiyyat prosesi başlayıb. Qeydiyyat 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək yalnız my.gov.az portalı üzərindən aparılacaq. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq elektron xidməti "mygov" platformasında istifadəyə verilib və bütün proses rəqəmsal formada həyata keçiriləcək.
Namizədlər mygov ID vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq qeydiyyat müraciətlərini onlayn şəkildə tamamlaya biləcəklər. Platforma üzərindən müraciətin statusunu real vaxt rejimində izləmək, tələb olunduğu halda təhsil haqqını elektron qaydada ödəmək və ya ödənişi təsdiq edən sənədi sistemə yükləmək mümkün olacaq. Bu yanaşma sənəd qəbulunu sürətləndirməklə yanaşı, ali təhsil müəssisələrinə fiziki müraciət ehtiyacını da minimuma endirir.
Qeydiyyat prosesi ali təhsil müəssisəsi tərəfindən təsdiqləndikdən sonra namizədin magistratura üzrə qeydiyyatı tamamlanmış hesab ediləcək və o, rəsmi olaraq magistr tələbəsi statusu qazanacaq. Təsdiqlə bağlı bildiriş istifadəçinin mygov platformasındakı şəxsi kabinetinə göndəriləcək.
Yeni sistem ali təhsildə rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində atılan növbəti addımlardan biridir. Elektron qeydiyyatın tətbiqi sənəd dövriyyəsini sadələşdirməyi, prosesin daha şəffaf və operativ həyata keçirilməsini, həmçinin tələbələrin vaxt itkisinin qarşısını almağı hədəfləyir.



