WhatsApp-da biznes mesajları 1 oktyabrdan ödənişli olur.
WhatsApp Business Platform-da xidmət mesajlarının ödəniş sistemində dəyişiklik ediləcək. Oktyabrın 1-dən etibarən biznes nömrələrinə ay ərzində 1 000 pulsuz xidmət mesajı təqdim olunacaq. Bu limit keçildikdən sonra göndərilən əlavə mesajlara görə ödəniş tutulacaq.
Yeni qayda əsasən WhatsApp-dan müştəri dəstəyi, sifarişlər və davamlı yazışmalar üçün intensiv istifadə edən şirkətlərə təsir edəcək. Belə bizneslər ay ərzində göndərdikləri xidmət mesajlarının sayından asılı olaraq əlavə xərc ödəyə bilərlər.
Mesajların tarifləri isə bütün bazarlarda eyni olmayacaq. Ödəniş məbləği istifadəçinin və biznesin fəaliyyət göstərdiyi bazara görə dəyişəcək.
Qeyd edək ki, dəyişiklik adi WhatsApp və WhatsApp Business tətbiqlərindən şəxsi və biznes yazışmaları üçün istifadə edənlərə şamil edilmir. Yeni ödəniş sistemi WhatsApp Business Platform üzərindən müştərilərlə əlaqə saxlayan bizneslərə aiddir.



