İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan İnnovasiya Mərkəzi (AİM) yaradılıb. Açılış mərasimində universitet rəhbərliyi, müəllimlər, tələbələr və startap qurucuları iştirak ediblər.
İRİA-nın İdarə Heyətinin sədri Fərid Osmanov çıxışında innovasiya mərkəzlərinin ölkədə startap mədəniyyətinə verdiyi töhfəni qeyd edib. O bildirib ki, ADNSU AİM dövlət, universitet və biznes arasında əməkdaşlığı gücləndirərək qeyri-neft sektorunda innovativ sənaye sahələrinin inkişafına dəstək olacaq. Mərkəzdə mentorluq, inkubasiya, akselerasiya və ideyadan məhsula qədər bütün mərhələləri əhatə edən infrastruktur yaradılıb.
Rektor Rüfət Əzizov isə vurğulayıb ki, AİM sayəsində tələbə innovatorlar ideyalarını sınaqdan keçirmək, prototiplər hazırlamaq və onları bazar tələblərinə uyğun inkişaf etdirmək imkanı əldə edirlər.



