Apple 2025-ci ilin aprelindən sonra yenidən dünyanın ən dəyərli şirkəti oldu.
Apple, bazar dəyərinə görə yenidən dünyanın ən böyük şirkəti mövqeyinə yüksəlib. Nvidia səhmlərinin təxminən 5% dəyər itirməsi fonunda Apple bir ildən çox fasilədən sonra liderliyi geri qaytarıb. Şirkətin bazar kapitallaşması tarixində ilk dəfə 5 trilyon dollar həddini keçərək yeni rekord müəyyən edib.
Ticarət sessiyası ərzində Apple səhmləri təxminən 1% bahalaşıb. Bu yüksəliş şirkətin növbəti rüblük maliyyə hesabatını açıqlamasından əvvəl investorların gözləntilərinin artdığı dövrə təsadüf edib. Analitiklər Apple-ın gəlirlərini, xidmət sektorundakı artımı və süni intellekt strategiyası ilə bağlı açıqlamalarını bazar üçün əsas göstəricilərdən biri hesab edirlər.
Son aylarda Apple-ın generativ süni intellekt sahəsində rəqibləri ilə müqayisədə daha ehtiyatlı strategiya izləməsi müzakirə mövzusu olsa da, şirkət güclü maliyyə göstəricilərini qorumaqda davam edir. Mütəxəssislərin proqnozlarına görə, Apple bu il təxminən 140 milyard dollar sərbəst pul axını əldə edə bilər ki, bu da şirkətə həm yeni texnologiyalara investisiya yatırmaq, həm də səhmdarlara vəsait qaytarmaq baxımından geniş imkan yaradır.
Apple və Nvidia arasında bazar dəyəri üzrə liderlik uğrunda rəqabət son aylarda dəfələrlə dəyişib. Süni intellekt texnologiyalarına artan maraq Nvidia-nın sürətli yüksəlişinə səbəb olsa da, Apple-ın sabit maliyyə nəticələri, geniş məhsul ekosistemi və yüksək gəlirliliyi şirkətin yenidən birinci pilləyə yüksəlməsinə imkan verib.



