Dövlət Turizm Agentliyi Azərbaycanın turizm imkanlarının beynəlxalq auditoriyaya tanıdılması məqsədilə Netflix Ads LLC ilə müqavilə imzalayıb.
Razılaşmaya əsasən, ölkənin turizm potensialını əks etdirən reklam və tanıtım materialları Netflix-in reklam platforması vasitəsilə müxtəlif bazarlarda nümayiş olunacaq. Kampaniyanın məqsədi Azərbaycanı beynəlxalq turistlər üçün daha cəlbedici istiqamət kimi tanıtmaq və ölkəyə gələn xarici turistlərin sayının artırılmasına dəstək verməkdir.
Müqavilənin dəyəri 510 min manat təşkil edir. Layihə 28 iyul–30 dekabr 2026-cı il tarixlərini əhatə edəcək və bu müddət ərzində reklam materiallarının Netflix platformasında yerləşdirilməsi və yayımı həyata keçiriləcək.
Netflix son illərdə reklam dəstəyi ilə təqdim olunan abunə modelini genişləndirərək brendlər və dövlət qurumları üçün yeni reklam imkanları yaradıb. Dövlət Turizm Agentliyinin bu platformanı seçməsi Azərbaycanın turizm məzmununu daha geniş beynəlxalq auditoriyaya çatdırmaq və rəqəmsal marketinq kanallarından daha fəal istifadə etmək strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Məlumata görə, sözügedən xidmət dövlət satınalmalarının vahid internet portalı üzərindən tender yolu ilə deyil, qanunvericilikdə nəzərdə tutulan hallara uyğun olaraq birbaşa müqavilə əsasında satın alınıb. Kampaniya çərçivəsində hansı ölkələrin və auditoriyaların hədəflənəcəyi ilə bağlı isə hələlik əlavə məlumat açıqlanmayıb.



