Azərbaycanda işçilərin şirkətlərdə pay sahibi olmasını nəzərdə tutan yeni hüquqi mexanizm müzakirə olunur.

Milli Məclisdə Əmək Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, “İşçilərin pay (səhm) iştirakı planı haqqında müqavilə” adlı yeni institutun tətbiqi nəzərdə tutulur. Dəyişiklik qəbul edilərsə, şirkətlər əməkdaşlarına əməkhaqqından əlavə olaraq müəssisədə pay və ya səhm əldə etmək imkanı yarada biləcəklər.

Təklif olunan modelə əsasən, işəgötürənlər işçilərə və rəhbər şəxslərə şirkət paylarını güzəştli şərtlərlə, ödənişsiz və ya müəyyən şərtlər yerinə yetirildikdən sonra əldə etmək hüququ təqdim edə biləcəklər. Bu hüquq müəyyən müddət şirkətdə çalışmaq, konkret nəticələrə nail olmaq və ya digər performans göstəricilərinin yerinə yetirilməsi ilə əlaqələndirilə bilər.

Yeni mexanizm xüsusilə texnologiya şirkətləri, innovasiya layihələri və startaplar üçün əhəmiyyətli hesab olunur. Dünyanın bir çox ölkəsində geniş tətbiq edilən səhm iştirak proqramları şirkətlərə yüksək ixtisaslı mütəxəssisləri cəlb etmək və uzunmüddətli perspektivdə komandada saxlamaq üçün istifadə olunan əsas alətlərdən biri sayılır.

Fərid Osmanov: Ötən il startaplara 2,6 milyon dollardan çox investisiya  cəlb olunub VİDEO - AZƏRTAC

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov bildirib ki, bu mexanizm startap ekosisteminin inkişafına əlavə təkan verə bilər. Onun sözlərinə görə, əməkdaşların şirkətdə pay sahibi olması onların biznesin uğurunda daha çox maraqlı tərəfə çevrilməsinə və uzunmüddətli motivasiyanın güclənməsinə şərait yaradır.

Müzakirə olunan dəyişikliklər qəbul edilərsə, Azərbaycan qanunvericiliyində ilk dəfə olaraq işçilərin şirkət kapitalında iştirakını tənzimləyən ayrıca hüquqi mexanizm formalaşacaq.

Posted 
Jun 18, 2026
 in 
Biznes
 category

Daha çox

Biznes

 kateqoriyasından

View All