Azərbaycanlının Britaniyadakı startapı 25 milyon dollar investisiya aldı.
Böyük Britaniyada fəaliyyət göstərən proptech platforması "OneDome" yeni maliyyə raundunda 25 milyon dollar investisiya alıb. Bu mərhələdən sonra şirkətin cəlb etdiyi ümumi vəsait 40 milyon dollara çatıb. Son investisiyaya “Channel 4” telekanalı ilə bağlanmış media-for-equity razılaşması da daxildir.
OneDome ev alqı-satqısı kimi çətin və stresli prosesləri daha sadə və rahat etməyi hədəfləyir. Şirkətin “HomeBuyer” xidməti ipoteka, hüquqi əməliyyatlar və idarəetməni vahid paketdə təqdim edir.
Startap hazırda hər ay təxminən 1,4 milyard dollar dəyərində ipoteka kreditinin rəsmiləşdirilməsinə kömək edir və yüzlərlə brokerlə işləyir. Şirkət qarşıdakı illərdə Böyük Britaniyada daşınmaz əmlak bazarında payını sürətlə artırmağı planlaşdırır.



