Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri — Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Nərminə Hüseynova Bilik Günü tədbirində bildirib ki, 15 sentyabrdan etibarən bütün Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması aktivləşdirilib. Bu addım çərçivəsində kağız jurnallar ləğv edilib və qiymət, davamiyyət göstəriciləri, müəllimlərlə əlaqə kimi məlumatlar elektron formada izlənəcək. Hüseynova vurğulayıb ki, layihənin əsas məqsədi məktəb-müəllim-şagird-valideyn arasında məlumat mübadiləsini şaxələndirmək, təhsil prosesini şəffaf və səmərəli etməkdir.

“BŞTİ-nin tabeliyində 673 təhsil müəssisəsi, 9 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. On təhsil müəssisəsində əsaslı təmir işləri aparılıb. Bir məktəbdə əlavə tədris korpusu tikilib və əsas korpusu təmir edilib. Burada dörd ümumi təhsil müəssisəsi sökülərək yenidən inşa olunacaq, 2 təhsil müəssisəsində və 2 məktəbəqədər təhsil müəssisəsində əsaslı təmir işləri aparılacaq. Hazırda 100-dək digər müəssisələrdə isə cari təmir və mühəndis kommunikasiya işləri aparılır. Bu işlərin görülməsində məqsəd təhsil mühitinin daha da yaxşılaşdırılması və məktəblərin infrastrukturunun daha da təkmilləşdirilməsidir”,- Nərminə Hüseynova deyib.