16–18 oktyabr tarixlərində Bakı Dövlət Universitetində II Avrasiya Süni İntellekt və Məlumat Elmləri Forumu keçiriləcək. Tədbir süni intellekt (Sİ) və məlumat elmləri sahəsində yeni texnologiyaların, elmi tədqiqatların və praktik tətbiqlərin müzakirəsinə həsr olunub. Forumun əsas məqsədi süni intellekt texnologiyalarının təhlükəsiz, etibarlı və şəffaf şəkildə inkişaf etdirilməsini təmin etməkdir. İştirakçılar Sİ-nin etik, hüquqi və texniki aspektlərini, həmçinin məlumat elmlərinin sənaye və akademik sahələrdə tətbiq imkanlarını araşdıracaqlar.
Forumda dünyanın aparıcı Sİ ekspertləri iştirak edəcək. Onlardan biri Sinqapur Milli Universitetinin (NUS) professoru Jin-Song Dong olacaq. Professor Dong etibarlı süni intellekt və formal metodlar üzrə tanınmış alimdir. Onun tədqiqatları Sİ, təhlükəsizlik kritik sistemləri və formal doğrulama sahələrini birləşdirir. O, PAT və Silas kimi platformaların yaradıcılarından biridir və maşın öyrənməsi modellərinin etibarlılığını və real sistemlərin təhlükəsizliyini təmin edən innovativ alətlər təqdim edib.
Forum üç gün davam edəcək və etibarlı süni intellekt və formal doğrulama metodları, məlumat elmlərində son yeniliklər və praktiki tətbiqlər, Sİ-nin etik və sosial təsirləri, məlumatların təhlükəsizliyi və etibarlılığı kimi mövzuları əhatə edəcək.
Tədbir akademiklər, tədqiqatçılar, startap nümayəndələri və sənaye ekspertləri üçün bilik mübadiləsi və təcrübə toplamaq baxımından əhəmiyyətli bir platforma olacaq. İştirakçılar Sİ və məlumat elmləri sahəsində son yeniliklərdən xəbərdar olmaqla yanaşı, qlobal ekspertlərlə təcrübə mübadiləsi aparmaq imkanı əldə edəcəklər. Forum regionda süni intellekt və məlumat elmləri sahəsində bilik mübadiləsini gücləndirmək və yerli mütəxəssislərin beynəlxalq təcrübələrə çıxışını artırmaq məqsədini daşıyır.