Bakının mərkəzində 5 küçədə avtomobillərin hərəkəti həftənin bütün günləri məhdudlaşdırılacaq.
Bakının mərkəzində bir sıra küçələrdə avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, yeni qaydaların tətbiqinə oktyabrın 5-dən test rejimində başlanılması nəzərdə tutulur.
Dəyişikliklər Zərifə Əliyeva küçəsinin Rəsul Rza küçəsi ilə kəsişməsindən sonrakı hissəsinə, həmçinin Əbdülkərim Əlizadə, Hacı Zeynalabdin Tağıyev, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrinə şamil ediləcək. Bu ərazilərdə avtomobillərin hərəkəti indiyədək həftəsonları məhdudlaşdırılırdı və yeni qərarla məhdudiyyətlərin müddəti genişləndirilir.
AYNA bildirir ki, məqsəd şəhər mərkəzində piyada zonaları arasında əlaqəni artırmaq, piyadaların daha rahat və təhlükəsiz hərəkəti üçün şərait yaratmaqdır. Qurum həmçinin bu addımın ərazinin turizm və biznes potensialının artırılmasına, eləcə də daha təmiz şəhər mühitinin formalaşmasına xidmət edəcəyini qeyd edib.
Yeni qaydalar bütün nəqliyyat vasitələrinə eyni şəkildə tətbiq edilməyəcək. Fərdi parklanma talonuna malik sakinlərin, həmçinin operativ, tibbi, kommunal və logistika xidmətləri göstərən nəqliyyat vasitələrinin əraziyə giriş-çıxışı təmin olunacaq.
Bundan başqa, ərazidə fəaliyyət göstərən dövlət qurumları, diplomatik nümayəndəliklər, tibb müəssisələri və biznes subyektləri ilə bu məsələlərlə bağlı iş aparılacağı bildirilib. AYNA-nın açıqlamasına əsasən, yeni rejimin oktyabrın 5-dən test formatında tətbiqi ilə onun şəhər mərkəzində hərəkət və piyada axınına təsiri də müşahidə ediləcək.



