ABA kartlar üzrə komissiyaların azaldılmasının zəruri olduğunu deyib.
Azərbaycan Banklar Assosiasiyası (ABA) Mastercard və Visa tərəfindən tətbiq olunan ödəniş kartı komissiyalarının azaldılmasını zəruri hesab edir. Məsələ Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti” çərçivəsində səsləndirilib.
ABA sədri Zakir Nuriyev bildirib ki, mövcud komissiya haqları xidmətlərin ümumi dəyərini artırır və bu tariflərin aşağı salınması labüddür. Onun sözlərinə görə, məqsəd həm beynəlxalq ödəniş sistemlərindən asılılığı azaltmaq, həm də xidmətlərin daha əlçatan olmasını təmin etməkdir.
Eyni zamanda qeyd olunub ki, yerli QR kod ödəniş sisteminin inkişafı və tətbiq dairəsinin genişləndirilməsi davam etdiriləcək. Məqsəd yalnız xarici şirkətlərin tarif endirimlərini gözləmək deyil, alternativ yerli həllərlə ümumi xərcləri azaltmaqdır.



