Yeni hazırlanmış “Dövlət xidmətləri haqqında” qanun layihəsinə əsasən, bütün dövlət xidmətləri Elektron Reyestr (DXER) vasitəsilə vahid sistemdə toplanacaq. Məqsəd xidmətlərin şəffaf və operativ idarə olunmasını təmin etməkdir.
Layihəyə görə, dövlət xidmətlərini təqdim edən qurumlar, yeni xidmətləri müəyyən edən normativ hüquqi akt qüvvəyə mindikdən sonra 30 iş günü ərzində məlumatları DXER-ə göndərməlidir. Bu məlumatlar elektron kabinet üzərindən, təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiqlənərək təqdim olunacaq.
DXER operatoru isə təqdim edilmiş məlumatların tamlığı və düzgünlüyünü 7 iş günü ərzində yoxlayacaq və nəticəni elektron formada xidmət təminatçısına bildirəcək. Aşkar edilmiş çatışmazlıqlar xidmət təminatçısı tərəfindən aradan qaldırılaraq, yenidən 7 gün ərzində operatora təqdim olunmalıdır.
Bu mexanizm dövlət xidmətlərinin idarə olunmasında həm şəffaflığı artırır, həm də vətəndaşlar üçün xidmətlərin daha sürətli və etibarlı təqdim olunmasına şərait yaradır.