18 oktyabr 2025-ci il tarixində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), Azərbaycan Texniki Universiteti və ICPC Azərbaycan icmasının birgə təşkilatçılığı ilə məktəblilər arasında “R.M. 90” proqramlaşdırma müsabiqəsi keçirilib.
Azərbaycanın görkəmli alimi Ramin Mahmudzadənin 90 illik yubileyi münasibəti ilə təşkil olunan müsabiqənin finalında seçim mərhələsindən uğurla keçmiş 8, 9, 10 və 11-ci sinif şagirdlərindən ibarət 50 nəfər iştirak edib. Finalçılar proqramlaşdırmanın C++ , “Phyton” dilləri istiqamətində bilik və bacarıqlarını sınayıblar.
Tədbir qaliblərin mükafatlandırma mərasimi ilə yekunlaşıb. Nəticələrə əsasən 1-ci yer üzrə 3 nəfər, 2-ci yer üzrə 3 nəfər və 3-cü yer üzrə 3 nəfər qalib müəyyən edilərək təltif olunublar.
Müsabiqənin keçirilməsində məqsəd İT sahəsində ilk azərbaycanlı mütəxəssisləri hazırlayan, Azərbaycanın ilk proqramçısı hesab olunan “Şöhrət” ordenli alim Ramin Mahmudzadənin irsini gənc proqramçılara çatdırmaq, sahə üzrə yeni istedadları kəşf etmək, həmçinin gənclərə yeni bilik və bacarıqlar qazandırmaqdır.