S

on aylar həyatımıza daxil olan Metavers (Metaverse) termini haqqında fərziyyələr çox olsa da, dəqiq məlumat azdır. Ağlınızda suallar yaranmış ola bilər ki, bu, yeni bir VR-dır, yoxsa real həyatımıza da sirayət edəcək? Metavers təqdim olunduğu qədər reallıqla iç-içədirsə, bütün dünyada bu strukturu qurmaq necə olacaq? 

Cavabını tapmadığınız suallar sizi daha da narahat etməsin deyə Trilogy.News bu dəfə sizinlə metavers haqqında danışacaq.

Metavers nədir?

Bu termin son bir neçə ildir ətrafda səs-küy salsa da, "metaverse" sözü əslində yazıçı Neal Stephenson tərəfindən 1992-ci ildə yazdığı "Qar qəzası" elmi-fantastik romanında istifadə edilib. Stepenson öz kitabında metaversə real dünya ilə paralel şəkildə mövcud olan rəqəmsal dünya kimi istinad edib. Lakin 2022-ci ildə ekspertlər hələ də metaversin real həyata oxşar bir şeyə çevrilə biləcəyinə əmin deyillər.

“Metavers internetin və ümumilikdə, hesablamaların 3D versiyasıdır” - bunu metavers strukturları və potensialları ilə bağlı esselər yazan Mathew Ball “VICE” platformasına müsahibəsində bildirib.

“Bu iki texnologiya (internet və hesablama) ilk dəfə ortaya çıxdıqda kommunikasiya mətnə əsaslanırdı (e-poçtlar, mesajlar, istifadəçi adları, e-poçt ünvanları). Sonra yavaş-yavaş daha çox media əsaslı olmağa başladı (şəkillər, videolar, canlı yayımlar). İstifadəçi interfeysi və istifadəçi təcrübəsinin növbəti yüksəlişi 3D-dir. Əgər biz vəziyyətin bugünkü mobilliyini düşünsək, cibimizə kompüter yerləşdirib (mobil telefonlar) internetə hər zaman çıxa bildiyimizi hesaba qatsaq, metaversin həmişə kompüterin içində və internetin içində olduğunu düşünə bilərik”.

Sizə maraqlı ola biləcək metavers xəbəri:

Bir çox mütəxəssis metaversə internetin 3D modeli kimi baxır - rəqəmsal həyatımızı yaşadığımız və fiziki dünyaya paralel olan, hamının avatarlar vasitəsilə əlaqə saxladığı bir yer kimi. Bəziləri terminin əsl mənasında metaversin, əslində, hələ mövcud olmadığını iddia edir.

“Metavers indiki mərhələdə real deyil və insanların yaşaya biləcəkləri virtual dünyaya daxil olmaq üçün gedə biləcəkləri məkana sahib olmayana qədər real olmayacaq”, - bunu kibertəhlükəsizlik üzrə ekspert Ibrahim Baggili deyib. 

Metavers video oyunlara bənzəyir?

Metavers video oyunlardan daha geniş olsa da, oyun dünyası artıq özünün ən elementar formasını mənimsəmiş kimi görünür. Məsələn “Fortnite” kimi onlayn şuter oyununu misal verə bilərik. Burada hər kəs digər oyunçuların avatarları vasitəsilə onlarla əlaqə saxlayır, şəxsi avatarları var, eyni zamanda oyundakı obrazları üçün geyimlər alanda virtual valyutadan istifadə edirlər. Hətta onların öz rəqs stilləri də var.

Ola bilsin ki, nəzərdə tutulan metaversə ən yaxın mövcud nümunə simulyasiya oyunu “Second Life”dır. İstifadəçilər burada alış-veriş edə, yemək yeyə, duş qəbul edə və real həyatda istədikləri hər şeyi edə bildiyi virtual reallığı təcrübədən keçirməyə imkan əldə edirlər.

Texnoloqların fikrincə, metavers virtual reallıq təcrübəsini növbəti səviyyəyə daşıyacaq və istifadəçilərə torpaq almaqdan tutmuş, rəqəmsal avatarlar vasitəsilə evlənməyə qədər hər şeyi etmək üçün şərait yaradacaq.

Metaversə necə daxil olmaq olar?

Metaversə daxil olmaq üçün vahid bir prosses olmasa da, ekspertlər özünüzü həqiqətən təcrübəyə qərq etmək üçün bəzi avadanlıq əldə etməyi təklif edirlər.

Bu avadanlıqların qiyməti və markası isə sizin büdcənizdən asılı olaraq dəyişə bilər: 10 ABŞ dolları dəyərində olan Google Cardboard, ya da orta səviyyəli 300 dollarlıq Oculus Quest 2 virtual reallıq eynəyi, və ya yüksək keyfiyyətli 999 dollarlıq Valve Index VR-a qədər istədiyiniz texnikanı alaraq virtual aləmə daxil ola bilərsiniz.

VR eynəkləri

Kibertəhlükəsizlik üzrə ekspert Baggilinin fikrincə, metaversin strukturu hazırda “App Store”un strukturuna bənzəyir: “Hazırda sizin App Store-dan yükləyə biləcəyiniz müxtəlif proqramlar kimi, virtual reallıq təklif edən çoxsaylı platformalar var. Ancaq insanların ona daxil olmaq üçün istifadə edə biləcəyi tək bir portal yoxdur”.

Bununla belə, bir çox ekspertlər metaversə daxil olmaq üçün mütləq VR eynəyinə ehtiyacınız olmadığını iddia edirlər.

"Biz cibimizdəki smartfonlar, qonaq otağımızda Alexa və ətrafımızdakı kameralar vasitəsilə hər zaman internetdəyik. - deyir ekspert, - Metaversə smartfon vasitəsilə daxil olacağıq, lakin biz çox vaxt passiv şəkildə orada olacağıq. Planşetlər və smartfonlar vasitəsilə hər gün eyni zamanda 3D virtual dünyalarına daxil olan yüz milyonlarla insan var. On ildən sonra, çox güman ki, bu cihazlar metaversə daxil olmağımızın əsas yolu olaraq qalacaq”.

Gələcəkdə metaversdə yaşayacağıq?

Bəlkə də, gələcəkdə bəzən metaversdə yaşayacağıq. Biz VR eynəklərimizi də taxmaqdan həzz alsaq da, onları çox uzun müddət açıq saxlamırıq, bu, bizi yorur, ya da sıxır. 

İkinci ehtimal isə budur ki, gələcəkdə bu yazını oxuyan insanlar 2022-ci ildə metavers haqqında düşünən insanların necə sadəlövh olduğunu düşünəcək.

Posted 
Jun 4, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All