İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşəbbüsü ilə 16 oktyabr 2025-ci il tarixində Naxçıvan şəhərində “Rəqəmsal liderlik” proqramının növbəti sessiyası keçirilib. Görüş Naxçıvan Dövlət Universitetinin nəzdindəki Azərbaycan İnnovasiya Mərkəzində baş tutub.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi daxil olmaqla, 45 qurumdan 70-ə yaxın İT rəhbəri iştirak edib. Sessiyada dövlət qurumlarında Rəqəmsal Yol Xəritələrinin icra vəziyyəti və Naxçıvanda rəqəmsallaşma istiqamətində görülən işlər müzakirə olunub.

İRİA sədr müavini Şahin Əliyev çıxışında bu il qəbul edilmiş “Rəqəmsal İnkişaf Konsepsiyası”nın prioritetlərini diqqətə çatdıraraq bildirib ki, ölkədə rəqəmsallaşma uğurla icra olunur:
“Dövlət qurumları arasında formalaşan əməkdaşlıq nəticəsində son illərdə rəqəmsal hökumətə keçid sürətlənib. Rəqəmsal Sənəd Dövriyyəsi və Milli Məlumat Mübadiləsi sistemləri üzrə kağızsız əməliyyatların sayı artıb, “mygov” platforması vasitəsilə vətəndaşların dövlət xidmətlərinə çıxışı daha da asanlaşıb.”

Sessiya çərçivəsində “smartnet.az” portalının təqdimatı keçirilib. Portal dövlət idarəçiliyində məlumatların toplanması, təhlili və qərarvermə üçün istifadəsini təmin edir. Naxçıvan MR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri bölgədə aparılan rəqəmsallaşma işləri barədə məlumat veriblər.

Tədbirdə, həmçinin İRİA-nın müxtəlif şöbə rəhbərləri “Açıq Məlumatlar Portalı”, “mygov” platformasındakı yeniliklər və rəqəmsal idarəetmənin tənzimlənməsi mövzularında təqdimatlarla çıxış ediblər.

Naxçıvanda keçirilən “Rəqəmsal liderlik” proqramı “BESTCOMP GROUP” şirkətinin tərəfdaşlığı ilə təşkil olunub. Proqramın məqsədi dövlət orqanlarında rəqəmsal hökumətə keçidi sürətləndirmək, bu sahədə beynəlxalq rəqabətliliyi artırmaq və dövlət informasiya sistemlərinin effektiv idarə olunmasını təmin etməkdir.

Posted 
Oct 21, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All