30 dekabr 2025-ci il tarixindən etibarən “PAŞA Maliyyə Holding” rəsmi olaraq fəaliyyətə başlayıb.
Yeni holdinq strukturu PAŞA Qrupuna daxil olan maliyyə və texnologiya yönümlü aktivlərin mərkəzləşdirilmiş idarə olunmasını təmin etmək məqsədi daşıyır.
Holding bankçılıq, sığorta, fintech və e-ticarət sahələrindəki investisiyaların vahid strategiya çərçivəsində idarə edilməsini nəzərdə tutur. Bu çərçivədə PAŞA Bank, PAŞA Sığorta, PAŞA Technology və “Bir” ekosistemi “PAŞA Maliyyə Holding” altında birləşdirilib.
Qeyd olunan strukturlaşma maliyyə xidmətləri ilə texnoloji həllər arasında sinerjinin gücləndirilməsinə, rəqəmsal məhsulların inkişafına və müştəriyönümlü ekosistem yanaşmasının genişləndirilməsinə xidmət edir. Holding modeli eyni zamanda idarəetmədə çevikliyi artırmaq və müxtəlif sahələr üzrə investisiya qərarlarının daha koordinasiyalı şəkildə qəbul olunmasına imkan yaratmaq məqsədi daşıyır.
“PAŞA Maliyyə Holding”in yaradılması PAŞA Qrupunun maliyyə və rəqəmsal xidmətlər sahəsində uzunmüddətli inkişaf strategiyasının bir hissəsi kimi qiymətləndirilir.



