Samsung smartfonlar üçün daha yüksək tutumlu batareyalar üzərində işləyir
Cənubi Koreyanın texnologiya şirkəti Samsung smartfonlar üçün daha yüksək tutumlu batareya texnologiyasını sınaqdan keçirir. Sızıntılara görə, şirkət hazırda 18 000 mAh tutumlu yeni batareya üzərində testlər aparır və bu texnologiyanın gələcək cihazlarda istifadə imkanlarını araşdırır.
Məlumatlara əsasən, Samsung ilkin mərhələdə 20 000 mAh tutumlu batareyanı da sınaqdan keçirib. Lakin bu variantın stabil işləmədiyi və təhlükəsizlik baxımından gözlənilən nəticəni vermədiyi bildirildiyi üçün şirkət bu modeldən imtina edib. Hazırda daha etibarlı hesab edilən 12 000 və 18 000 mAh tutumlu batareyalar üzərində araşdırmalar davam edir.
Şirkətin əsas məqsədi batareya tutumunu artırmaqla yanaşı, smartfonların ölçüsünü və qalınlığını ciddi şəkildə dəyişdirməməkdir. Bu səbəbdən yeni batareya texnologiyalarının həm enerji sıxlığının artırılması, həm də təhlükəsizlik və istilik idarəetməsi baxımından optimallaşdırılması üzərində işlənir.



