Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılış mərasimində iştirak edib. Mərasim çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına kompleksdə yaradılan şərait barədə ətraflı məlumat verib .
Yeni yaradılmış kompleks Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşir və təxminən 3 hektar ərazini əhatə edir. Bina "suite" və "standart" tipli ümumilikdə 43 otaqdan ibarətdir . Habelə, 174 yerlik konfrans zalı mövcuddur ki, bu zal yaradıcılıq gecələri, yazıçılarla görüşlər və digər mədəni tədbirlər üçün nəzərdə tutulub.




Kompleksin infrastruktur tərkibinə kinoteatr, kitabxana, həm qapalı, həm də açıq havada fəaliyyət göstərəcək restoranlar və kafe, fitnes zonası daxildir . Bundan əlavə, futbol, tennis və uşaq oyun meydançaları da istifadəyə verilib.