Türkiyədə hazırlanan yeni tənzimləməyə əsasən, 15 yaşdan kiçik uşaqlar valideyn icazəsi olsa belə, sosial media platformalarından istifadə edə bilməyəcək.
Qadağanın tətbiqi üçün platformalara məcburi yaş doğrulama sistemləri qurmaq öhdəliyi qoyulacaq, məqsəd isə uşaqları rəqəmsal mühitdəki risklərdən qorumaqdır.
Mövzu beynəlxalq kontekstdə də diqqət çəkir. Avstraliya 16 yaşdan kiçik uşaqlar üçün sosial media platformalarına girişin məhdudlaşdırılması istiqamətində qərar qəbul etdikdən sonra Avropa ölkələrində də oxşar müzakirələr başlayıb. Fransa, İspaniya, İtaliya, Yunanıstan və Almaniya hökumətləri uşaqların sosial mediadan istifadəsinə dair daha sərt qaydaların tətbiq olunub-olunmamasını dəyərləndirir.
Ekspertlər bildirirlər ki, belə qadağalar uşaqların onlayn risklərdən qorunmasına kömək edə bilər, lakin eyni zamanda onların rəqəmsal savadlılığının və sosial iştirak imkanlarının necə təsirlənəcəyi ilə bağlı suallar da yaradır. Böyük Britaniyada məsələ ilə bağlı yekun qərar hələ verilməyib və hökumətin müzakirələri davam etdirəcəyi gözlənilir.



