Türkiyədə sosial mediada anonim hesabların məhdudlaşdırılmasını nəzərdə tutan yeni tənzimləmə gündəmdədir.
Ədliyyə naziri Akın Gürlek bildirib ki, sosial media platformaları ilə aparılan danışıqlar başa çatıb və istifadəçilərin sosial şəbəkələrə rəsmi şəxsiyyət məlumatları ilə daxil olmasını nəzərdə tutan model üzərində razılıq əldə olunub.
Yeni qaydalar qəbul olunarsa, sosial media hesabları üçün şəxsiyyət təsdiqi məcburi olacaq, saxta və bot hesablar isə keçid müddətindən sonra mərhələli şəkildə bağlanacaq. Gürlek həmçinin bildirib ki, sistemin tətbiqi üçün təxminən 3 aylıq keçid dövrü nəzərdə tutulur.
Bu müddətdə platformalar texniki uyğunlaşma aparacaq, istifadəçilər isə real şəxsiyyətlə hesablarını təsdiqləməli olacaqlar. Təsdiq etməyən və real şəxsə bağlı olmayan hesablar deaktiv ediləcək. Rəsmi tərəf bu addımı saxta hesablar, təhqir, dezinformasiya və “paralel mühakimə” kimi sosial media təzyiqlərinin qarşısını almaq üçün əsaslandırır.



