WhatsApp istifadəçi məlumatlarının saxlanması sahəsində daha müstəqil yanaşmaya keçir. Məlumata görə, şirkət üçüncü tərəf xidmətlərindən asılılığı azaltmaq üçün öz daxili bulud nüsxələmə sistemini inkişaf etdirir.
Hazırda WhatsApp-da ehtiyat nüsxələr əsasən Google Drive kimi xarici platformalar üzərindən saxlanılır. Yeni yanaşma isə istifadəçilərə seçim imkanı təqdim etməyi nəzərdə tutur: onlar məlumatlarını ya mövcud xidmətlərdə, ya da WhatsApp-ın öz bulud sistemində saxlaya biləcəklər.
Şirkət bildirir ki, yeni sistemdə uçdan-uca şifrələmə (end-to-end encryption) əsas prioritet olacaq. Bundan əlavə, hesabların təhlükəsizliyini artırmaq üçün passkey əsaslı qoruma mexanizmlərinin tətbiqi planlaşdırılır. Bu isə istifadəçi məlumatlarının həm saxlanma, həm də giriş mərhələsində daha güclü müdafiə olunmasına imkan verəcək.



