Dünyanın aparıcı videooyun kommersiya şirkətlərindən biri olan “Xsolla”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Pirallahı Yüksək Texnologiyalar Parkında rezident statusu alıb.
Bu status “Xsolla”ya texnoparkdan kənar (virtual) fəaliyyət göstərmək və bir sıra imtiyazlardan faydalanmaq imkanı yaradır. Şirkət 10 il müddətinə sosial sığorta haqqı, mənfəət, torpaq, əmlak, dividend və digər vergilərdən azad olacaq.
Rezidentliyin verdiyi üstünlüklər “Xsolla”ya Azərbaycanın rəqəmsal oyun ekosisteminə daha intensiv və səmərəli yatırımlar etməyə imkan yaradacaq. Bu, oyun sənayesinin dinamik inkişafına, qabaqcıl dünya təcrübəsinin tətbiqinə və yerli studiyaların həm ölkə daxilində, həm də qlobal bazarda tanınmasına şərait yaradacaq. Şirkət, həmçinin yüksək ixtisaslı kadrların cəlb edilməsinə və infrastrukturun inkişafına töhfə verəcək.
İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli bildirib ki, “Xsolla” kimi qlobal oyun şirkətinin Azərbaycanda fəaliyyətini genişləndirməsi oyun sənayesinin yüksəlişdə olduğunu göstərir:
“Qlobal oyunçuların Azərbaycana gəlməsi yerli oyun ekosisteminin sürətli inkişafına təkan verir. Bununla yanaşı, həm innovasiyaların tətbiqi, həm də İT sahəsində insan kapitalının inkişafı sürətlənir”.
Qeyd edək ki, “Xsolla” qlobal oyun biznesində kommersiya əməliyyatlarının 72%-ni həyata keçirən platformadır və bu sahədə 20 illik təcrübəyə malikdir. İRİA ilə əməkdaşlıq çərçivəsində yerli oyun ekosisteminin inkişafı istiqamətində ilk beynəlxalq inkubasiya proqramı reallaşdırılıb, yaxın zamanda “Xsolla StarNest Academy” və digər ortaq layihələrin də başladılması nəzərdə tutulur.