TƏBİB təcili tibbi yardımın 103 çağrı xidməti üçün süni intellekt əsaslı yeni rəqəmsal həllərin tətbiq olunacağını açıqlayıb.

Layihə çərçivəsində AI texnologiyaları vətəndaşların zənglərinə birbaşa cavab verməyəcək, əvəzində daxil olan çağırışları avtomatik təhlil edərək dispetçer xidmətinin işini dəstəkləyəcək. Yeni sistem zəng zamanı əldə olunan məlumatları analiz edəcək, hadisənin baş verdiyi məkanı daha dəqiq müəyyənləşdirməyə kömək göstərəcək və təcili yardım briqadalarının yönləndirilməsi prosesini optimallaşdıracaq. Bunun sayəsində çağırışların prioritetləşdirilməsi, resursların daha səmərəli bölüşdürülməsi və briqadaların koordinasiyasının yaxşılaşdırılması nəzərdə tutulur.

TƏBİB-in məlumatına görə, layihənin əsas məqsədi təcili tibbi yardım xidmətinin operativliyini artırmaq və hadisə yerinə çatma müddətini azaltmaqdır. Süni intellekt dispetçerlərin qərarvermə prosesinə dəstək verəcək, lakin vətəndaşlarla birbaşa ünsiyyət və tibbi qərarların qəbulu əvvəlki kimi mütəxəssislər tərəfindən həyata keçiriləcək.

Layihə Azerconnect Group ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır. TƏBİB bildirir ki, yeni rəqəmsal həllərin tətbiqi təcili tibbi yardım xidmətinin keyfiyyətinin yüksəldilməsinə, çağırışların daha effektiv idarə olunmasına və vətəndaşlara daha sürətli tibbi yardım göstərilməsinə xidmət edəcək.

Posted 
Jul 13, 2026
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All