“Gemini” 2025-də dünyanın ən çox trend olan axtarış sorğusu olub.
Google 2025-ci ilin “İlin Axtarışı” hesabatını açıqlayıb və nəticələr gözlənildiyindən də maraqlı alınıb. Bu ilin ən çox trend olan – yəni 2024-lə müqayisədə axtarış həcmi kəskin artan – sorğusu “Gemini” olub. Google-un süni intellekt modeli qısa müddətdə yalnız texnologiya dünyasının deyil, geniş ictimaiyyətin ən çox müzakirə etdiyi mövzulara çevrilib.

Əslində, “trend axtarış” anlayışı insanlara bəzən çaşdırıcı gələ bilər. Bu siyahı ümumi olaraq ən çox axtarılan sözləri deyil, müəyyən bir il ərzində axtarış həcmi sürətlə artan sorğuları göstərir. Yəni insanlar 2025-də “Gemini”ni əvvəlki illərə nisbətən daha çox axtarmağa başlayıblar.
Süni intellektin gündəlik həyatın mövzusuna çevrilməsi
“Gemini”nin zirvəyə çıxmasının başlıca səbəbi süni intellektin 2025-də sürətlə populyarlaşması olub. Bu il insanların axtarış vərdişlərində ciddi dəyişiklik müşahidə edildi: daha çox izahlı, məlumat yönümlü və “mənə bunu başa sal” tipli suallar verilir. İnsanlar artıq təkcə məlumat tapmaq üçün deyil, eyni zamanda gündəlik məsələlərini həll etmək, yazı yazmaq, işlərini təşkil etmək və ya sadəcə nəyisə daha yaxşı başa düşmək üçün AI-dən istifadə edirdilər.
“Gemini” də bütün bu marağın mərkəzində yer alıb. Onun yeni funksiyaları, təqdimatları, istifadə imkanları və gündəlik hayatda tətbiqi geniş kütlənin diqqətini çəkib
Siyahının qalan hissəsi – idman, siyasət və mədəniyyət trendləri
“Gemini”nin mövqeyi nə qədər güclü olsa da, 2025-in axtarış mənzərəsi çoxşaxəli olub. İdman, siyasət və mədəniyyət sahələrində də bir sıra sürətli artımlar müşahidə edilib.
Dünya üzrə ikinci yerdə “India vs England” kriket qarşılaşması dayanır – bu, Asiyanın böyük hissəsində və kriket izləyən digər regionlarda əhəmiyyətli marağa səbəb olub. Siyahının üçüncü pilləsinə ABŞ-da fəaliyyət göstərən siyasi aktivist və media siması Charlie Kirk yüksəlib. Onu isə beynəlxalq futbol gündəminin əsas hadisələrindən biri – Klub Dünya Çempionatı izləyib. Texnoloji kateqoriyada isə “iPhone 17” haqqında axtarışların sayı diqqət çəkib.
2025-ci il mətbəx trendlərinin də yüksəliş ili olub: “hot honey” – acı-şirin bal sousu – ilin ən çox axtarılan qida məhsullarından birinə çevrilib. Reseptlər, yeni qida trendləri və viral yeməklər il boyunca gündəmdə qalıb.



