Anthropic-in Fable 5 süni intellekt modeli üçün tətbiq olunan məhdudiyyətlərin yaxın günlərdə aradan qaldırılması gözlənilir.
Axios-un yaydığı məlumata görə, ABŞ administrasiyası modelin yenidən istifadəyə verilməsi ilə bağlı Anthropic ilə danışıqlar aparır və qərarın artıq gələn həftə açıqlana biləcəyi bildirilir. Fable 5 və Mythos 5 modellərinə çıxış iyunun 12-də ABŞ hökumətinin ixrac nəzarəti və milli təhlükəsizliklə bağlı göstərişlərindən sonra dayandırılmışdı. Hökumət qabaqcıl süni intellekt modellərinin xarici istifadəçilər tərəfindən əldə olunmasının müəyyən risklər yarada biləcəyini əsas gətirmiş, Anthropic isə bu qərara uyğun olaraq hər iki modeli müvəqqəti deaktiv etmişdi.

Sonrakı mərhələdə Anthropic yalnız kibertəhlükəsizlik və kritik infrastruktur sahəsində fəaliyyət göstərən seçilmiş ABŞ şirkətləri və dövlət qurumları üçün Mythos 5 modelini yenidən aktivləşdirmək icazəsi almışdı. Fable 5 isə geniş istifadəçi auditoriyası üçün nəzərdə tutulduğundan onun istifadəsi hələ də məhdud olaraq qalır.
Axios-un məlumatına əsasən, hazırkı danışıqlar Fable 5-in də yenidən ictimai istifadəyə açılması üzərində cəmlənib. Əgər tərəflər razılığa gəlsələr, model yaxın günlərdə Anthropic platformasında yenidən istifadəyə verilə bilər. Bununla belə, şirkət və ABŞ hökuməti hələlik yekun qərarla bağlı rəsmi açıqlama yaymayıb.



