Adobe 25 milyard dollar həcmində yeni səhm geri satınalma proqramı elan edib.
Proqramın 30 aprel 2030-cu il tarixinədək qüvvədə olacağı bildirilib. Səhm geri satınalma (buyback) proqramları şirkətlər tərəfindən tez-tez səhmdarlara dəyər qaytarmaq üçün istifadə olunur. Adobe-un bu addımı da dövriyyədə olan səhmlərin sayını azaltmaq, beləliklə hər səhm üzrə dəyəri artırmaq və investorlar üçün daha cəlbedici maliyyə göstəriciləri formalaşdırmaq məqsədi daşıyır.
Şirkətin maliyyə direktoru Dan Durn bildirib ki, bu qərar Adobe-un güclü pul axınına və uzunmüddətli inkişaf perspektivlərinə olan inamını əks etdirir. Onun sözlərinə görə, şirkət həm səhmdar dəyərini artırmaq, həm də paralel olaraq strateji istiqamətlərə sərmayə qoyuluşunu davam etdirmək niyyətindədir.



