Azərbaycanda AI və İT mütəxəssisləri üçün 20 illik vergi güzəşti müzakirə olunur.
Milli Məclisdə müzakirəyə çıxarılan qanun layihəsinə əsasən, süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar, innovasiya və elmi-tədqiqat sahələrində çalışan şəxslər üçün gəlir vergisi güzəştlərinin tətbiqi təklif edilir.
Layihəyə görə, bu istiqamətlərdə çalışan mütəxəssislərin əməkhaqqından tutulan gəlir vergisi 2026-cı il iyulun 1-dən etibarən 20 il müddətinə 0% müəyyən oluna bilər. Eyni zamanda AI, proqram təminatı, kibertəhlükəsizlik və innovasiya xidmətləri göstərən fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərin də gəlir vergisindən azad edilməsi nəzərdə tutulur.
Təklif olunan güzəştlər yalnız ölkədə çalışan mütəxəssisləri deyil, həm də xaricdən Azərbaycana gələn yüksəkixtisaslı İT mütəxəssislərini, son 24 ay ərzində Azərbaycanda vergi rezidenti olmayan şəxsləri və xaricdən geri qayıdan Azərbaycan vətəndaşlarını da əhatə edir.
Qanun layihəsində qeyd olunur ki, güzəştlər süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal texnologiyalar, innovasiya, elmi-tədqiqat və təcrübə-konstruktor fəaliyyəti sahələrində çalışan şəxslərə şamil ediləcək.
Dəyişikliklər hazırda parlamentdə müzakirə mərhələsindədir və qəbul ediləcəyi halda qüvvəyə minəcək.



