Anthropic tərəfindən təşkil olunan Claude Code hackathon yarışmasının qalibi “MedKit” adlı layihə olub.
Layihənin müəllifi, türk mühəndis Bedirhan Keskin, bu ideya ilə birinci yeri qazanaraq diqqət çəkib.
“MedKit” tibb təhsili üçün nəzərdə tutulmuş səs əsaslı klinik simulyasiya sistemidir. Platforma tələbələrə virtual xəstələrlə real vaxtda ünsiyyət qurmağa imkan verir. İstifadəçilər xəstənin şikayətlərini dinləyir, suallar verir və əldə etdikləri məlumatlar əsasında diaqnoz qoymağa çalışırlar. Bu proses real klinik mühitə bənzər şəkildə qurulduğu üçün tələbələrin qərarvermə və analitik düşünmə bacarıqlarını inkişaf etdirməyi hədəfləyir.
Sistem süni intellektin dəstəyi ilə işləyərək müxtəlif ssenariləri imitasiya edə bilir. Bu isə fərqli xəstəlik halları və klinik vəziyyətlər üzrə praktik təcrübənin genişləndirilməsinə imkan yaradır. Xüsusilə ənənəvi tədrisdə çətin əldə olunan real pasiyent təcrübəsinin bir hissəsi bu yolla simulyasiya olunur.



